Bayağı verilişlər, əyləncə şouları - Azərbaycanda izləyiciyə təqdim edilən bu kontentin məqsədi nədir?
2025-ci ilin birinci rübündə musiqili və əyləncəli proqramlar efirin 15.7 faizini tutaraq maarifçi və sosial proqramları kölgədə qoyub.
Bir çox telekanalda gündəlik 3-5 saatlıq şou proqramlar yayımlanır və telekanalların əhəmiyyətli efir vaxtını doldurur. Kanal rəhbərləri bu verilişləri reytinq və tamaşaçı marağı ilə əsaslandırsalar da, cəmiyyətin geniş kəsimi onları kontent baxımından bayağı, zəif və zövqsüz hesab edir.
Azərbaycan televiziya kanallarında proqram janrları (2025-ci ilin I rübü)
22.9% - informasiya və analitik proqramlar
15.7% - idman proqramları
15.7% - musiqi və əyləncəli proqramlar
14.1% - bədii filmlər və seriallar
11.3% - reklam məzmunlu materiallar
8.6% - mədəni-maarif janrında proqramlar
3.7% - anonslar, elanlar
2.9% - sənədli film və materiallar
2.9% - sosial proqramlar
1.2% - sosial çarxlar
1% - uşaq proqramları və cizgi filmləri
Mənbə: Audiovizual Şura
Xəbərdarlıqdan sonra nə dəyişdi
Hətta 2024-cü ildə ATV, "Xəzər", ARB və "Space" telekanallarına efirdəki bəzi verilişlərə görə Prezident Administrasiyasından ciddi xəbərdarlıq da olundu. Xəbərdarlıqda deyilirdi ki, reytinq naminə yayımlanan, öncədən ssenariləşdirilən qalmaqallar narahatlıq doğurur, vəziyyət dəyişməzsə, sanksiyalar qaçılmazdır.
Amma ötən ildən bu yana rəsmi qurumun rəqəmləri göstərir ki, efirlərdə əyləncə-şou xarakterli verilişlərdə artım var.
Hətta Milli Məclis üzvləri də dilə gəlir, bu verilişləri milli-mənəvi dəyərlərə zidd sayaraq onların cəmiyyəti zövqsüzlüyə və mənəvi aşınmaya sürüklədiyini deyərək tənqid ediblər.
""Zaurlar", "xoşqədəmlər" izləyicilərin zəif yerindən istifadə edib şou göstərirlər", – Milli Məclisin üzvü İlham Məmmədov belə deyir.
Deputat Tahir Rzayev də oxşar fikirdədir: "Son illərdə belə verilişlər telekanallara ayaq açıb yeriyir, gündən-günə bayağı, əxlaqımıza zidd olan verilişlər özünə TV kanallarda daha çox imkan tapır".
"Bayağı, çığırtı-bağırtı olan verilişlər cəmiyyətimizin mədəni və intellektual səviyyəsinin aşağı düşməsinə səbəb olur", – bunu isə deputat Razi Nurullayev deyir.
"Hökumətin siyasəti əleyhinə heç bir çıxış yoxdur"
Bəs, niyə siyasət dəyişmir? 2024-cü ildəki xəbərdarlıqdan az sonra bəzi verilişlərin yayım saatı azalsa da, bu yöndə cəza hallarının olmaması mediada tənqid edildi. Belə ki, 2024-cü ildə qeydə alınan 358 pozuntunun 75%-i reklam qanunvericiliyinin pozulması ilə bağlı olub. Sanksiyalar da, əsasən, texniki və reklam qaydalarının pozulmasına görə verilib.
Media üzrə araşdırmaçı Əhəd Əhədli deyir ki, bir qrupa yönəlik nifrət nitqi, yaxud da dəyərlərə qarşı çıxışlar olanda televiziyalar cəzalandırılır, yaxud onlara məhdudiyyət tətbiq edilir. Bu isə sosial şəbəkədə tənqid sonrası baş verir, məhz verilişin keyfiyyəti, yaxud informasiya dəyərinin azlığına görə hər hansı tədbir görülmür: "Xəbərdarlıqlar bəzi fikirlərlə bağlı olur, lakin o da tez bağışlanır, ciddi nəticə vermir. Azərbaycan televiziyaları hökumətin narrativlərini yaymaqla məşğuldur. İctimai-siyasi məzmunlu verilişlər özünü əyləncə məzmunu ilə əvəzləyib: evləndirmə, itkin düşənləri tapma, küsənləri barışdırma. Bu proqramlarda belə hökumət öz ideologiyasını yeridir. Bunları monitorinq edəndə görmək olar ki, hökumətin siyasəti əleyhinə heç bir çıxış yoxdur. Böyük ehtimal, əvvəlcədən də tapşırılır. Bu verilişlərin əliylə də milli-mənəvi dəyərlərin qorunması, Qərbin bu dəyərlərə zərərləri müzakirə edilir".
Qaçaqmalçılıqda günahlandırılıb 1 ildir həbsdə olan, əslində elə hökumətin media vasitəsilə gerçəkləşdirdiyi iqtisadi propaqandanı dağıtdığı üçün cəzalandırılan iqtisadçı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin internetə çıxışı olmadığından yeganə informasiya mənbəyi telekanallardır. O, radioya məktubunda bu haqda yazırdı:
"Əminliklə deyə bilərəm ki, əsas fəaliyyət istiqamətlərindən iqtisadiyyat sahəsi başda olmaqla son bir ildə ölkədə baş verən proseslərlə bağlı, demək olar ki, heç bir ciddi informasiya əldə etməmişəm. Yerli telekanalların əksəriyyətinin yayımı sadəcə olaraq bayağı "şou" proqramlarından ibarətdir. internetə daxil olmaq imkanı da olmadığından yeganə informasiya mənbəyi telekanallardır. Sırf daxili siyasi məsələlərlə bağlı xəbərlər iqtidar partiyasının rəsmi yayım orqanının ritorikası ilə hazırlanır. Bu telekanalları izlədikdə onların öz fəaliyyətini eyni mənbədən daxil olan tezislər əsasında təşkil etmələri aşkar görünür".
İctimai narazılığın yerinə fərdi məmnunluq
Siyasi və sosial elmlər üzrə müstəqil araşdırmaçı Samirə Ələkbərli deyir ki, realiti-şoular və keyfiyyəti aşağı əyləncə proqramları sadəcə zövq vermək məqsədi daşımır, eyni zamanda, ictimai şüuru formalaşdıran ideoloji nəzarət vasitələridir.
"Müasir cəmiyyətlərdə, xüsusilə avtoritar və ya neoliberal idarəetmə şəraitində televiziya məkanının emosional manipulyativ, bayağı və sensasiyalı məzmunla doldurulması ictimai diqqəti struktural sosial-iqtisadi bərabərsizliklərdən, siyasi təzyiqlərdən və sistemik böhranlardan yayındırmaq məqsədi daşıyır. Vətəndaşları məşğul, parçalanmış və siyasi baxımdan passiv saxlamaqla neoliberal və avtoritar rejimlərin arxa planda hakimiyyətlərini möhkəmləndirmələrinə şərait yaradırlar. Bu "tamaşa" rejimi, vətəndaşların həyatındakı dərin sosial ədalətsizlikləri görmə qabiliyyətini sıradan çıxarır və onları siyasətdən uzaqlaşdıraraq sistemin davamlılığını təmin edir. Dayanmadan toy-bayram, çalıb-oynamaq ədasında olanda bu əyləncə proqramları vasitəsilə təkrarlanan səthi məzmun insanların tənqidi düşünmə qabiliyyətini zəiflədir, fərdi və ictimai narazılığı isə fərdi "məmnunluq" forması ilə əvəz edir. Bu cür bayağı proqramlar vasitəsilə siyasi rejimlər həqiqətlə yalan arasındakı fərqi itirir və hakim siniflər öz siyasi agendalarını asanlıqla gizlədərək dolayı yolla təbliğatla məşğul ola bilirlər", – araşdırmaçı vurğulayır.
AzadlıqRadiosu bayağı veriliş müəllifi olduğu iddia edilən aparıcılardan açıqlama almaq istəsə də, mümkün olmayıb. Bu şəxslər daha öncə yerli mediaya danışanda verilişlərini insanların istəyi və reytinq ilə əlaqələndiriblər.
"Daxili senzura", hökumətdən asılı reklam bazarı
Teletənqidçi, mediadakı fəaliyyətinə görə prezident təqaüdü almış Qulu Məhərrəmli bu fikirdədir ki, son dövrlərdə rəsmi xəbərdarlıqlar şou proqramların keyfiyyətinin artırılmasına təsirsiz ötüşməyib: "Müəyyən telekanallarda yeni layihələr diqqəti cəlb edir. Televiziyalarda beş-altı il əvvələ nisbətən - Ramiz Mehdiyevin ideoloji hökmranlığı dövründəki zamana nisbətən müəyyən sərbəstlik nəzərə çarpır. Baxmayaraq, beş-altı il əvvəllə müqayisədə keyfiyyət, səviyyə fərqi var, amma böyük ölçüylə götürəndə düşüncə fərqlərini əhatə edən, geniş hazırlamırlar. Buna da səbəb daxili senzura ola bilər. Xarici siyasət, regional problemlər haqda müzakirə verilişlərinə isə maraq var, cəmiyyəti düşündürən problemlərlə bağlı verilişlər də olsa, yaxşı olar".
Televiziya kanallarının reytinq uğrunda bu yarışının bir səbəbi də maddi motivlə bağlı ola bilər. Reklam bazarı illərdir ki, durğunluq yaşayır – televiziya reklamından illik gəlir 7 ildir 45 milyon manatdan yuxarı qalxmır.
Lakin Azərbaycan mediasının reklam qaynaqlarının da siyasiləşməsi - hökumətdən maliyyə alıb ondan asılı olması, ya da digər reklam mənbələrinin də hakimiyyətin ritorikasını təkrarlaması dolayı yolla bütün telekanalların eyni məzmuna üz tutmasına səbəb olur. Yəni, izləyici telekanalların bir çoxunda eyni məzmunda proqramları günün fərqli saatlarında izləyir.
Bəs, Audiovizual Şura və Medianın İnkişafı Agentliyi üzərinə qoyulan məsuliyyəti necə yerinə yetirir? Medianın İnkişafı Agentliyi birbaşa televiziya kontenti ilə məşğul olmasa da, tövsiyələr vermək, jurnalistlərin maarifləndirilməsi vasitəsilə təsir göstərə bilər. Audiovizual Şura isə yayımçıların məzmununa nəzarət edən orqan kimi daha aktiv mövqe tutmalıdır – ekspertlərin fikrincə, cəmiyyəti narahat edən verilişlərlə bağlı Şura daha təsirli tədbirlər görməlidir. AzadlıqRadiosu hər iki quruma sorğu göndərsə də, reportaj hazır olanadək cavab almayıb.
"Çörək və tamaşa"
Tədqiqatçı Samirə Ələkbərliyə görə, telekanallardakı əyləncə proqramları insanları düşündürmür, əksinə, onların düşünmək ehtiyacını aradan qaldırmağa xidmət edir, dominant ideologiyaları təkrar istehsal edir və analitik siyasi düşüncəni zəiflədir: "Aidiyyəti dövlət qurumlarından və güc strukturlarından lazım olan dəstəyi, köməyi görməyən vətəndaşlar dərin sosial-iqtisadi və ictimai problemlərinin həlli üçün bu cür ümid tacirliyi və insan faciəsinin istismarı üzərində qurulmuş şou-proqramlara üz tutur. Antik dövrün "çörək və tamaşa"sı bir daha neoliberal kontekstdə yenidən istehsal olunaraq kütlələrin istismarına və manipulyasiyasına xidmət göstərməyə davam edir".
S.Ələkbərlinin fikrincə, yaradılmış hegemon diskurs çərçivəsindən kənara çıxan hər kəs - davamlı olaraq qaralama kampaniyaları ilə xarici agent, inkişafı gözü götürməyən radikal qüvvələr, vətən xainləri kimi etiketlənir, obrazları müxtəlif təbliğat diskursları ilə şeytanlaşdırılır və düşmənləşdirilir. Bütün bunlar siyasi diskursun total nəzarətdə saxlanılması məqsədini güdür.
Və bütün bunlar Azərbaycanda azı 20 tənqidçi jurnalistin qaçaqmalçılıq ittihamı ilə həbsdə olduğu, digərlərinin mühacirətə üz tutduğu, AzadlıqRadiosu daxil bir çox müstəqil medianın ofisinin ölkədə qapadıldığı bir dövrdə baş verir.