Azərbaycan gömrükçüsü buradan tranzit ölkə kimi keçən əcnəbilərin adlarından yararlanıb saxtakarlıq etməkdə suçlanır. İddiaya görə, Astara gömrüyündə oradan keçib gedən İran, Rusiya vətəndaşlarının adlarına özlərindən xəbərsiz 60-dan çox mobil telefon bəyan edilib. Bu üzdən, Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin əməkdaşı Elman Şahbazov cinayət məsuliyyətinə cəlb olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıqda suçlanır.
Cinayət işinin materiallarına görə, bu olaylar 2023-2024-cü illərdə gerçəkləşib. Həmin vaxt E.Şahbazov "Azərterminalkompleks" birliyinin Analitik şöbəsinin inspektoru vəzifəsində çalışırmış.
2023-cü ilin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlamışdı ki, fevralın 15-dən sonra ölkəyə şəxsi istifadə məqsədiylə gətirilən mobil telefonlar da gömrükdə bəyan edilməlidir və əks halda həmin telefonun IMEI nömrəsi qeydə alınmayacaq.
Nazirliyin bu açıqlaması öncədən satış məqsədiylə ölkəyə gətirilmiş, amma gömrük bəyannaməsi olmayan telefonlarla bağlı problemi ortaya çıxardı. İttihama görə, E.Şahbazov metronun "28 May" stansiyası yaxınlığındakı mobil telefon alqı-satqısıyla məşğul bir sahibkardan tanışı vasitəsiylə qeydiyyatdan keçirilməmiş telefonları ucuz qiymətə alıb. Ardınca özünün növbədə olduğu günlərdə sistemdə həmin telefonları bir-bir müxtəlif adamların adına gömrükdə bəyan edib və vergisini ödəyib.
Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" və Gömrük Məcəlləsinin tələblərinə əsasən, hər ay ərzində bir dəfə toplam gömrük dəyəri 800 ABŞ dollarını aşmayan mallar keçirilə bilər.
Bəyan edilən mobil telefonlar da rəsmiləşmədə satış yox, şəxsi istifadə məqsədli göstərilib və vergisi də buna uyğun - 2 min manata yaxın ödənilib. İttihama görə, nəticədə toplam 19 min 500 manatdan çox gömrük vergisi büdcədən yayındırılıb.
Təqsirləndirilən şəxs ittihamı qəbul etmir. O, 64 mobil telefonla bağlı sadələşdirilmiş gömrük bəyannaməsini təsdiqlədiyini boynuna alsa da, bunlardan 7 telefonu iş yoldaşının xahişiylə etdiyini deyir. Onun sözlərinə iş yoldaşı növbədə olanda onları sistemə vurmağı unutduğundan ondan xahiş edib: "Mən həmin adamların özlərində o telefonları görməmişəm. Bu işi də maddi marağa görə etməmişəm. Onların rüsumunu da sonradan kimin, hansı kartdan ödədiyini bilmirəm. Qalan 57 bəyannamə isə qanuni olub".
Məhkəmə gömrükçünün söylədiklərini inandırıcı saymayıb
Təqsirləndirilən şəxs vurğulayıb ki, istintaqın Dövlət Gömrük Komitəsinə dəymiş ziyan kimi hesabladığı 22 min 475 manatı ödəsə də, bu addımının onun özünü təqsirli bilməsi kimi anlaşılmasını istəmir.
Zərərçəkmiş qismində tanınan "Azərterminalkompleks" birliyi də şikayətçi olmayıb. Bu qurumun nümayəndəsi deyib ki, Dövlət Gömrük Komitəsinə dəymiş ziyan tam ödənildiyindən onların təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur.
Məhkəmə təqsirləndirilən gömrükçünün söylədiklərini inandırıcı saymayıb: "Onun təsdiqlədiyi 64 bəyannamə üzrə mobil telefon cihazlarından 58-i Rusiya və İran vətəndaşlarının adlarına bəyan edilib. Onların əksəriyyətinin tranzit olaraq Azərbaycan ərazisindən keçməklə digər ölkələrə getdiyi nəzərə alınsa, həmin şəxslərin özlərinin sərhəddən keçirmiş olduğu mobil telefonların gömrük orqanlarına bəyan edilməsi anlaşılan deyil".
E.Şahbazov təqsirli bilinib və onun haqqında ittiham hökmü çıxarılıb. Ona qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 2 il islah işləri cəzası təyin edilib.