Kursk vilayətində bərpa işləri üçün Şimali Koreya Rusiyaya minatəmizləyənlər və inşaatçılar göndərəcək. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen In ilə görüşdən sonra bildirib.
"Kim Çen In Rusiya ərazisindəki minaların təmizlənməsi üçün min minatəmizləyən və dağıdılmış infrastruktur obyektlərinin bərpası üçün beş min hərbi inşaatçı göndərmək barədə qərar verib", - "İnterfaks" agentliyi Şoyqudan sitat dərc edib.
Onun sözlərinə görə, əməkdaşlığın davam etdirilməsi və Kursk vilayətinin bərpasında Şimali Koreyanın yardım göstərməsi barədə razılıq əldə olunub.
S.Şoyqu həmçinin əlavə edib ki, "hərbi əməliyyatlarda iştirak edən Koreya Xalq Ordusunun əsgərlərinin şücaətinin əbədiləşdirilməsi" qərara alınıb. Moskva və Pxenyan Ukraynaya qarşı müharibədə həlak olan koreyalı əsgərlərin xatirəsinə abidələr açmaq niyyətindədir.
Bu, Şoyqunun son bir ayda Şimali Koreyaya ikinci səfəridir. "İnterfaks" yazıb ki, iyunun əvvəlində Rusiya Təhlükəsizlik Şurasının katibi və Şimali Koreya lideri ikitərəfli münasibətlərin inkişafını, Ukraynadakı vəziyyəti və 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin müddəalarını müzakirə ediblər.
Rusiya Şimali Koreya hərbçilərinin Ukraynaya qarşı müharibədə iştirakını ilk dəfə bu il aprelin 26-da təsdiqləyib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov Vladimir Putinə Kursk vilayətindəki vəziyyətlə bağlı hesabat verərkən bildirib ki, "Şimali Koreya hərbçiləri regionun azad edilməsində mühüm yardım göstəriblər".
Aprelin sonunda Cənubi Koreyadan olan deputatlar kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə ümumi itkiləri "təxminən 4 min 700 nəfərdir, onlardan da 600-ü həlak olub".