Lənkəranın icra başçısına və əcnəbi müəllimə sui-qəsd işi: hökm verildi

Taleh Qaraşov

Lənkəranın icra başçısı Taleh Qaraşova sui-qəsddə suçlanan Bəhruz Əsgərova 15 il həbs cəzası kəsilib. İyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

B.Əsgərov dövlətin konstitusiya quruluşunu dəyişməyə, qəsdən adam öldürməyə hazırlıq kimi əməllərdə suçlanır. Cinayət işinin materiallarında iddia edilir ki, o, Azərbaycanda terror aktları törətməyi planlaşdırıb və icra başçısının qətli də bu planın tərkib hissəsi olub.

Məhz T.Qaraşovun seçilməsinə gəlincə, iddiaya görə, B.Əsgərovun ayrıca nifrəti olduğundan onun ölümünü istəyib. Bu məqsədlə çevrəsindəki şəxslərlə danışaraq icra başçısını güddürüb, onun hərəkət marşrutunu və başqa bilgiləri dəqiqləşdirib.

İttihama əsasən, sui-qəsd planlanan digər şəxs cənub bölgəsində fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən Linn Terri olub.

B.Əsgərov və onunla əlbirlikdə suçlanan şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. İstintaqın sonunda onun işi digərlərindən ayrılaraq məhkəməyə göndərilib və o, hakim önünə tək çıxarılıb.

B.Əsgərov özünü qismən təqsirli bildiyini söyləyib və əməlindən peşman olduğunu da dilə gətirib.

İcra başçısı T.Qaraşovla ingilis dili müəllimi L.Terri zərərçəkmiş qismində tanınıblar.

Buna da bax: Həbsdəki icra başçısı ilə bağlı yarım milyonluq mənzil mübahisəsi